ВЫШКА № 17 (19713) от 2 мая 2008 года
<<-- назад  •  на главную -->>

• Əmək kollektivlərində

DAHİ ŞƏXSİYYƏTİN YUBİLEYİNİ NAİLİYYƏTLƏRLƏ QARŞILAYIRIQ

Neft Azərbaycanın ən böyük sərvəti olub,
xalqa, özü də təkcə indiki nəslə deyil,
həm də gələcək nəsillərə mənsubdur.
Heydər Əliyev.

Barlı-bərəkətli Azərbaycan torpağına yaz gəlib. Təbiətdə bir canlanma hiss edilməkdədir. Vətənimizin hər bir guşəsində böyük quruculuq, abadlıq işləri gedir. Təbiətdəki ab-hava ilə cəmiyyətdəki ab-hava sanki bir-birini tamamlayır.

Bu ab-hava, bu xoş ovqat, nikbin əhval-ruhiyyə insanların çöhrəsində özünü daha aydın surətdə büruzə verir. Bu da təbiidir. Çünki ölkəmizdə siyasi sabitlik hökm sürür. Yoxsulluq ləğv olunmaqda, işsizlik azalmaqda, həyat səviyyəsi yüksəlməkdədir. Sosial-iqtisadi tərəqqi geniş vüsət alıb. Adamların maddi rifahı,gün-güzəranı yaxşılaşdıqca, mənəvi tələbatları dolğun ödəndikcə, onlarda sabahkı günə inam hissi daha da artır. Bunun başlıca səbəbi də cəmiyyətdə gedən sağlam ictimai-siyasi proseslər, ictimai şüurda baş verən müsbət dəyişikliklərdir, sosial ədalət prinsiplərinin bərqərar olmasıdır. Demokratiyanın gerçəkliyə, reallığa çevrilməsidir.

Bütün bunlara görə xalqımız dünya şöhrətli siyasətçi, əbədiyaşar prezidentimiz, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli qurtuluşumuzun səbəbkarı, müstəqil respublikamızın banisi, yeni neft strategiyasının memarı, dahi öndərimiz Heydər Əliyevə minnətdar olmalıdır. Azərbaycan dövlətinin təməli bu dahi şəxsiyyət tərəfindən qoyulmuşdur. Beynəlxalq aləmdə dövlətimizin nüfuzunun güclənməsi, ölkəmizin iqtisadi və müdafiə qüdrətinin möhkəmləndirilməsi, millətimizin imzasının imzalar içində seçilməsi məhz Heydər Əliyev kimi dahinin adı ilə bağlıdır. Onun dövlətimiz və millətimiz qarşısında misilsiz tarixi xidmətləri bu gün, yəni 85 illik yübileyi ərəfəsində, bir daha minnətdarlıqla xatırlanır. O, böyük Şəxsiyyət, böyük Vətəndaş, ən böyük Azərbaycanlı idi. Xalqımızı azərbaycançılıq ideyası ətrafında birləşdirməyə müvəffəq olmuşdu. Azərbaycanlı olmağı ilə fəxr edən dahi rəhbər cismən aramızda olmasa da, mənən yenə də öz doğma xalqı ilə birlikdədir.

Dahi öndərə ümumxalq məhəbbətinin kökləri daha dərindədir. Azərbaycan xalqı xöşbəxtdir ki, ümummilli liderimizin qurucusu olduğu müasir Azərbaycan dövlətinin idarə olunması onun siyasət məktəbinin layiqli varisi İlham Əliyev kimi istedadlı Dövlət xadiminə etibar edilmişdir.

Cənab Prezident xalqın yüksək etimadını ləyaqətlə doğruldur, Heydər Əliyev ənənələrini yaradıcı surətdə inkişaf etdirir. Ölkəmizdə nəhəng beynəlxalq layihələr uğurla həyata keçirilir. Daxili və xarici siyasət sahəsində böyük müvəffəqiyyətlər əldə olunur. Sosial-iqtisadi proqramlar müsbət həllini tapır. Ölkəmiz iqtisadi inkişaf tempinə görə lider dövlətlər sırasında öz yerini tutur. Fərəhləndirici haldır ki, bu nailiyyətlər ildən-ilə daha da artır. Bu uğurların qazanılmasında ölkə iqtisadiyatının möhkəmləndirilməsinə öz sanballı töhfələrini vermiş «28 May» NQÇİ-nin kollektivinin də böyük əməyi vardır.

Fədakar neftçilərimiz həmişə olduğu kimi 2008-ci ilin ilk günlərindən yaxşı işləyərək, birinci rübü diqqətəlayiq texniki-iqtisadi göstəricilərlə başa vurmuşlar. Kollektivimiz mürəkkəb iqlim şəraitində bütün çətinlikləri dəf edərək, neft və qaz hasilatını sabit saxlamağa müvəffəq olmuşdur. «Günəşli» kimi unikal yatağın 30 ilə yaxın istismarda və işlənmədə olduğunu nəzərə alsaq, etiraf edək ki, hasilatın sabit saxlanması əsl intellektual və fiziki fədakarlıq, hünər tələb edir. Bütün bu nailiyyətlərin əldə edilməsi kollektivimizə ARDNŞ-nin və «Azneft» İB-nin rəhbərliklərinin əməli dəstəyi, diqqəti, qayğısı sayəsində mümkün olmuşdur.

Dövlət plan tapşırıqlarını yerinə yetirmək məqsədi ilə idarəmizin kollektivi bir sıra texniki-texnoloji-təşkilati tədbirlər həyata keçirərək müsbət nəticələr qazanmışdır. Cari ilin birinci rübündə neft hasilatı üzrə istehsalat tapşırığına 100,05 qaz hasilatına dair plana isə 100,02 faiz əməl edən «28 May» NQÇİ-nin əməkçiləri kondensatla hasil olan neftin 54,1 faizini qazlift, 45,9 faizini isə fontan üsulu ilə çıxarmışlar. Ötən illə müqayisədə qazlift üsulu ilə çıxarılmış neftin ümumi neftin hasilatında xüsusi çəkisi 9,8 faiz artmışdır. Neftin təhvili üzrə tapşırığa NQÇİ-nin kollektivi 101,4 faiz, qazın təhvilinə dair plana isə 100,4 faiz əməl etmişdir.

Dövlətə plandan əlavə 182,18 ton neft, 6,0 milyon kubmetr qaz təhvil verilmişdir. Ötən illə müqayisədə qaz təhvili tapşırığı 936,4 milyon kubmetr artmışdır. Rüb ərzində NQÇİ-nin istismar fonduna 4 təzə quyu daxil olmuşdur. Bu quyulardan ikisi qazmadan (hər ikisi neft quyusudur), ikisi isə yeni quyu kimi neft quyu fondundan qaz quyu fonduna keçirilmişdir. Sevindirici haldır ki, təzə quyuların neft hasilatı dörd min doxsan doqquz ton olmuşdur ki, bu da plan tapşırığından 3,6 dəfə artıqdır. Cari ilin üç ayında NQÇİ üzrə səkkiz quyu bərpa edilərək yenidən istismara buraxılmışdır.

Fəaliyyətsiz quyuların neft hasilatı 10111 ton olmuşdur ki, bu göstərici də nəzərdə tutulandan 5,5 dəfə çox neft deməkdir. İdarənin istismar quyu fondunda olan 248 quyudan 225-i fəaliyyətdədir. Fəaliyyətdə olan quyuların 184-ü neft, 41-i isə qaz kondensat quyularıdır. Fəaliyyətdə olan neft quyularının istismar əmsalı vahidə yaxın olmuşdur. «28 May» NQÇİ-nin digər texniki-iqtisadi göstəricilərində də nəzərə çarpan irəliləyişlər vardır. Bir neçə fakt və rəqəmi qeyd etmək istərdik.

Fəaliyyətdə olan quyu fondunu saxlamaq, neft hasilatını artırmaq məqsədi ilə rüb ərzində 11 geoloji tədbir nəzərdə tutulmuşdu. Ancaq NQÇİ geoloqlarının səyi ilə bu tədbirlərin sayı 21-ə çatdırılmışdır. Həyata keçirilən geoloji tədbirlər sayəsində səmərəlilik yüksəldilmiş, 26762 ton neft hasil edilmişdir ki, bu da rüb ərzində 13 min 167 ton əlavə neft çıxarılması deməkdir. Ötən ilin müvafiq dövründən 13 geoloji tədbir artıq həyata keçirilməsi müvafiq dövrlə müqayisədə neft hasilatının 13320 ton çoxalmasını təmin etmişdir. 2008-ci ilin ilk rübündə 32 texniki tədbir həyata keçirilmiş, bunun da səmərəsi 3920 ton neft təşkil etmişdir. Əsaslı və yeraltı təmirçilərimiz rüb ərzində məhsuldar çalışaraq 18 əvəzinə 26 təmir işi apararaq üzərlərinə düşən məsul vəzifənin öhdəsindən layiqincə gəlmişlər. Layların neftveriminin artırılması istiqamətində «Günəşli» yatağında xeyli tədbir görülmüşdür. Məhsuldar laylara 261502 kubmetr su vurulmuşdur ki, bu tədbirin sayəsində 17646 ton neft hasil olunmuşdur. Kollektivimiz istehsalat mədəniyyətinin yüksəlməsinə, ekologiyanın qorunmasına, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına riayət edilməsinə ciddi əhəmiyyət verir.

«28 May» NQÇİ-nin əsaslı tikinti obyektləri üzrə 2008-ci ilin üç ayı ərziində 25655,2 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir. ARDNŞ «Azneft» İB üzrə 2008-ci ildə qaz təhvilinin 8 milyard kubmetrə çatdırılması üçün tədbirlər proqramına uyğun olaraq, qaz təsərrüfatı obyektlərinin tikintisinə diqqət daha da artırılmışdır. Bunlardan «Günəşli» yatağında 4 saylı DDÖ-də qaz-kompressor stansiyasının quraşdırılmasına 2345,3 min manat, «Neft Daşları-Bahar yatağı arası 20 düym qaz xəttinin çəkilməsi» obyektinə 7755,9 min manat, «Günəşli» yatağında 11 saylı DDÖ-nün genişləndirilməsi» obyektinə 970,6 min manat, «Qaradağ» QSM-də tutum və separatorların quraşdırılması» obyektinə 185,6 min manat və yeni quyuların qazılmasına 10725 min manat vəsait xərclənmişdir.

Digər obyektlərin tikintisi də vüsətlə davam etdirilir. Kollektivimiz 2008-ci ilin tikinti planında nəzərdə tutulmuş bütün obyektlərdə tikinti-quraşdırma işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilərək istismara verilməsi üçün bütün güc və bacarığını sərf edəcəkdir.

Ulu öndərimiz Heydər Əliyev çıxışlarında qeyd edirdi: «Azərbaycanın boyük neft və qaz sərvətlərinə malik olması xəlqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişafı üçün ən əsas amildir».

Dahi siyasətçinin uzaqgörənliklə söylədiyi bu müdrik fikirdə böyuk həyat həqiqəti vardır. Hazırda idarəmizdə 2500 nəfərə yaxın əməkçi çalışır. Əmək haqqı və ödənişlər 5852,1 min manat təşkil edir. Hər bir işçiyə düşən orta aylıq əmək haqqı isə 802 manata bərabərdir.

İstehsalat kollektivinin rəhbəri kimi dərindən dərk edirik ki, dəniz neftçilərinin çətin iqlim şəraitində yüksək əmək məhsuldarlığı göstərməsi üçün üzərimizə məsul vəzifələr düşür. Buna görə də əməkçilərimizin iş və yaşayış şəraitinin yaxşılaşması barədə ciddi düşünürük. Onların çeşidli, keyfiyyətli ərzaq məhsulları ilə qidalanması, xüsusi iş qeyimləri ilə vaxtında təmin edilməsi, qayğısına qalır, onların asudə vaxtlarının, istirahətlərininmənalı keçməsindən ötrü kompleks tədbirlər həyata keçiririk. Bu işlər ilboyu davam etdirilir. «Günəşli» yatağındakı dərin dəniz özüllərində aparılan geniş abadlaşdırma işləri, yaşayış bloklarının əsaslı surətdə təmiri, özüllərin zəruri sosial- məişət cihazları ilə təchizatı bu qəbil işlərin yalnız bir qismidir. Çalışırıq ki, fədakar dəniz neftçilərinin sosial məsələləri müasir tələblərə, dünya standartlarına cavab versin. Bu mənada ARDNŞ-nın və «Azneft» İB-nin rəhbərliyinin yaxından köməyini daim hiss edirik. «Günəşli» yatağının «arxa cəbhəsində» Çilov adasında da fəhlə və qulluqçularımızın yaxşı işləyib yaşamaları üçün son zamanlar xeyli işlər görülmüşdür. Yataqxanaların, mədəniyyət evinin, kitabxananın, uşaq bağçasının, qəsəbə orta məktəbinin əsaslı təmiri, yeni obyektlərin tikilib istifadəyə verilməsi, Novruz bayramı ərəfəsində təntənəli surətdə açılışı olan Neft Daşları tibbi sanitar hissəsinin neftçilərin ixtiyarında olması, bədən tərbiyəsi və idman meydançalarının salınması, su və hava nəqliyyatında növbəyə gediş-gəlişin tənzimlənməsi və s. bu tipli sosial-məişət məsələlərinin müsbət həlli son nailiyyətlərimizdəndir. «28 May» NQÇİ-nin təqaüdə çıxmış işçilərini, vətən uğrunda şəhid olmuş insanların ailələrini, müharibə iştirakçılarını unutmur, neftçi balalarının bayram şənliklərinin təşkilinə xüsusi fikir veririk. Ölkə başçımız möhtərəm İlham Əliyevin bu yöndə yorulmaz fəaliyyətini istehsalat rəhbəri kimi nümunə qəbul edir və gələcək fəaliyyətimiz üçün rəhbər tuturuq.

Daşqın İSKƏNDƏROV,
«Azneft» İB-nin «28 May» NQÇİ-nin rəisi.


<-- назад  •  на главную -->>