ВЫШКА №38 (20357) от 16 октября 2020 года



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
CƏNAB İLHAM ƏLİYEVƏ

Möhtərəm cənab Prezident, Ali Baş Komandan!
Sizin rəhbərliyiniz altında rəşadətli ordumuzun 27 il öncə işğal olunmuş torpaqlarımızın mərhələ-mərhələ azad olunması istiqamətində əldə etdiyi uğurlardan qürur hissləri keçirdiyimizi bildiririk!
27 il Cəbrayıl həsrəti ilə yaşayan ahıl həmyerlilərimiz, Cəbrayılı kiçik yaşlarında məcburən tərk etmiş orta yaşlı insanlarımız, Cəbrayıl haqqında yalnız valideynlərindən eşitmiş gənclərimiz igid əsgərlərimizin rayonumuzun ərazisində addımladıqlarını görəndə sevincdən göz yaşlarını saxlaya bilmirlər!
Biz, Cəbrayıl ziyalıları, 90-cı illərin əvvəlində ölkənin səriştəsiz rəhbərliyinin uğursuz qərarları nəticəsində hər bir kəndin, qəsəbənin, rayonun erməni işğalçılarının əlinə keçməsini şəxsi faciə hesab edərək ağır hisslər keçirmişik.
1993-cü ilin 15 sentyabr tarixində Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra ölkə ərazisində siyasi sabitliyin bərqərar olması, iqtisadiyyatın inkişafının əsasını qoymuş strateji addımlar bizə Qarabağın yenə də Azərbaycanın ağuşunda olacağına ümidlər verirdi.
Həmin vaxtdan başlayaraq ölkə iqtisadiyyatının dünya iqtisadi məkanına inteqrasiyası, elmin, təhsilin, mədəniyyətin, incəsənətin inkişafı və müasir dövlət quruculuğu üçün həyata keçirilən layihələrin nəticələri bu umidlərimizin əsassız olmadığını təsdiqlədi.
Siz Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyası ətrafında ölkəmizin iqtisadi, siyasi, sosial və hərbi qüdrətinin yüksəldilməsi istiqamətlərində apardığı məqsədyönlü fəaliyyəti öz məntiqi sonluğuna çatdırmaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək əzmindəsiniz. Bu gün Azərbaycan xalqının iqtidar-müxalifət də daxil olmaqla bütün zümrələri Sizin ətrafınızda birləşərək ölkəmizin milli mənafeyinin və ərazi bütövlüyünün müdafiəsinə səfərbər olmuşdur.
2003-cü ildən başlayaraq Sizin rəhbərliyiniz altında ölkədə həyata keçirilən uğurlu islahatlar və xüsusən silahlı qüvvələrimizin gücünün dünya səviyyəsinə qaldırılması hər bir vətəndaşımızda ordumuza və onun Ali Baş Komandanına inam hisslərini qat-qat artırdı.
Sizin son illərdə «Qarabağ düyünü»nün açılması istiqamətində dünyanın şər qüvvələrinin kürəyini yerə vuran qrossmeysterlərə məxsus gedişləriniz o qüvvələrin bir çoxunu neytrallaşdıra bildi. Bu problemin həlli üçün Sizin bilavasitə iştirakınızla aparılmış çoxsaylı danışıqlarda, müxtəlif beynəlxalq səviyyəli platformalarda, o cümlədən BMT-nin, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlığı Təşkilatının kürsülərindən beynəlxalq hüququn müddəalarına və tarixi həqiqətlərə söykənən inamlı və məntiqli çıxışlarınız dünyanın siyasi aləmində Azərbaycanın haqq işini tanıtdırdı.
Nəhayət, bu ilin iyul ayından indiyədək 30 ildən artıq bir müddətdə əzab-əziyyətini yaşadığımız münaqişənin həllini sürətlə yaxınlaşdıran qətiyyətli addımlarınız ölkə ictimaiyyətini vahid şəkildə ətrafınıza toplayaraq qələbəyə səfərbər etdi.
Sentyabrın 27-dən başlayaraq hərbi əməliyyatlar üçün verdiyiniz əmrlərin davamlı olaraq uğurla yerinə yetirilməsi ilə yanaşı bu müddətdə beynəlxalq səviyyədə edilən təzyiqləri məharətlə dəf etməyiniz, dünyanın aparıcı televiziya kanallarında Azərbaycanın haqlı mövqedə olduğunu əsaslı şəkildə sübut etməyiniz düşməni zəlil gündə qoydu və hər bir Azərbaycan vətəndaşına ölkə Prezidentinin dünya miqyaslı siyasətçi və hərbi strateq olduğunu bir daha sübut etdi.
Bütün Cəbrayıl camaatının adından Sizə və fəaliyyətinizə daim hərtərəfli dəstək verən Birinci vitse-prezident Mehriban xanıma bizlərə belə möhtəşəm qələbə sevincini bəxş etdiyinizə görə dərin minnətdarlığımızı bildiririk!
Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, ailə səadəti və Azərbaycanın dünya dövlətlərinin sırasında daha da yüksək mövqe tutması yolunda böyük uğurlar arzulayırıq!
Bizim gözlərimiz Qarabağdadır, ordumuzun cəbhədəki yeni uğurlarını gözləyirik!
Bu gün «Torpaq ancaq uğrunda ölən varsa Vətəndir» devizi altında hər bir Azərbaycan vətəndaşı Vətən müharibəsində iştirak etməyi, lazım gələrsə şəhidlik zirvəsinə yüksəlməyi özünə şərəf hesab edərdi.
Əminik ki, yaxın günlərdə Sizin twitter səhifənizdə yeni rayonlarımızın, qəsəbələrimizin, kəndlərimizin, nəhayət Dağlıq Qarabağın işğaldan azad olduğu haqqında xəbərləri oxuyacağıq, Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunacaq!
Bununla Siz bir milyondan artıq vətəndaşlarımızın doğma yurdlarına qayıtmasını, əlli milyondan artıq azərbaycanlının bir yumruq kimi birləşməsini təmin edəcəksiniz!
Bundan əlavə Siz mənfur düşmənlərimizin «böyük ermənistan» xülyasının üstündən birdəfəlik xətt çəkmiş sərkərdə olaraq dünya tarixinə düşəcəksiniz! Çünki bu xülyanın təsirinin yönəldiyi Türkiyə, Rusiya və Gürcüstan xalqları ermənilərin özgə torpaqlarını ələ keçirmək alqoritmini Qarabağdakı hadisələrdən öyrənəcək və «böyük ermənistan» xülyasını yalnız virtual aləmdə saxlamaq üçün əllərindən gələni edəcəklər!

Allah Sizi və rəşadətli ordumuzu qorusun! Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!

Dərin hörmət və ehtiramla, Cəbrayıl ziyalılarından bir qrup:

Ramiz Hümbətov – əməkdar elm xadimi, texnika elmləri doktoru, professor;
Həsən Hüseynov – əməkdar elm xadimi, texnika elmləri doktoru, professor;
Havar Məmmədov – əməkdar elm xadimi, texnika elmləri doktoru, professor;
Qəzənfər Kazımov – əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor;
Novruz Quliyev – AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor;
Çingiz Quliyev – əməkdar həkim, tibb elmləri doktoru, professor;
Əhməd Məmmədov – əməkdar mühəndis, texnika elmləri doktoru, professor;
Nailə Verdizadə – kimya elmləri doktoru, professor;
Hüseyn İbrahimov – fizika-riyaziyyat elmləri doktoru, professor;
Qənimət Səfərov – iqtisad elmləri doktoru, professor;
Farda İmanov – coğrafiya elmləri doktoru, professor;
Eldar Hüseynov – tibb elmləri doktoru, professor;
Əyyub Kərimov – fəlsəfə elmləri doktoru, professor;
Sahib Fərzəliyev – texnika elmləri doktoru, professor;
Tahir Kazımov – əməkdar mədəniyyət işçisi;
Yaqut Abdullayeva – əməkdar artist;
Kərəm Əliyev – iqtisad elmləri namizədi;
Zemfira Mehdizadə – fizika-riyaziyyat elmləri namizədi;
Ramiz Hüseynov – texnika elmləri namizədi;
Natiq Əhmədov – texnika elmləri namizədi, dosent;
Arzuman Bayramov – texnika üzrə fəlsəfə doktoru.
10 oktyabr 2020-ci il.


 
•  на главную -->>