ВЫШКА №46 (20365) от 11 декабря 2020 года



KOMPLEKS QAZMA İŞLƏRİ TRESTİ BULLA-DƏNİZ YATAĞINDA DAHA BİR QUYUNU YÜKSƏK HASİLATLA MƏDƏNÇİLƏRƏ TƏHVİL VERDİ


Təkcə onu qeyd etmək kifayətdir ki, müstəqillik dövründə milli neft sənayemizin parlaq səhifələrindən olan «Ümid» yatağını kəşf edən quyu da məhz «Kompleks qazma işləri» trestinin kollektivi tərəfindən qazılmışdır. Bu uğur silsiləsini istənilən qədər «Qoşadaş», «Ələt — dəniz», «Ağburun», «Qum adası», «Cahandar», «Türkan», «Bəyimdağ-Təkçay», «Pirallahı adası», «Böyükdüz», «Şimali Şıxıqaya», «Tumbul», «Eldaroyuğu», «Muradxanlı», «Bulla-dəniz», «Günəşli», «Neft Daşları», «Çilov», «Qərbi Abşeron», «Darvin Bankası» yataqlarında əldə olunmuş geoloji-texnoloji nəticələrlə işıqlandırmaq mümkündür. Bu uğur zəncirinin ən parlaq halqalarından biri olan «Bulla-dəniz» sahəsində 12 nömrəli DSÖ-dən strukturun şimal — şərq qanadında I tektonik blokun geoloji quruluşunu, MQ-ın VIII horizontunun litofasial xüsusiyyətlərini, neft-qazlılığını müəyyənləşdirmək və qiymətləndirmək üçün layihələndirilmiş 91 nömrəli kəşfiyyat quyusu əldə olunmuş parlaq nəaliyyətlərdən sonra, bu gün yüksək hasilatla mədənçilərə təhvil verilən Bulla — dəniz 122 nömrəli istismar quyusudur. Qeyd edilməlidir ki, çox mürəkkəb geoloji-texnoloji qazma şəraitinə malik olan «Bulla-dəniz» yatağında qazılmış hər iki quyuda (91 nömrəli kəşfiyyat və 122 nömrəli istismar quyularında), KQİT kollektivi tərəfindən əldə edilmiş uğur, doğma Azərbaycanımız üçün Qarabağmızda Zəfər Qələbəsi ilə tarixlərə düşmüş 2020-ci ilə təsadüf etmişdir.
Bakı arxipelaqında kəşf olunmuş yataqlar içərisində karbohidrogen zənginliyi və gələcək axtarış-kəşfiyyat işlərinin perspektivliyi baxımından mühüm əhəmiyyət kəsb edən «Bulla-dəniz» yatağı çox mürəkkəb geoloji — tektonik quruluşa və hidrodinamiki şəraitə malikdir. Karbohidrogen ehtiyatlarının toplandığı məhsuldar qat çöküntülərinin yer təkinin çox dərinlərində yerləşməsi, anomal yüksək lay və məsamə təzyiqlərinin mövcudluğu, qazma prosesinin aparılmasında mühüm rol oynayan qazma məhlulunun ekvivalent sıxlıq pəncərəsinin dar olması, stratiqrafik kəsilişində böyük sərtliyə malik süxurların yerləşməsi, az dayanıqlı və dəyanətsiz təbəqələrin rast gəlməsi qazma işlərinin daha da mürəkkəb şəraitdə aparılmasına gətirib çıxarır.
Bütün bunları nəzərə alaraq, qazma işlərinin keyfiyyətlə başa çatdırılması üçün 122 nömrəli özüldə ABŞ və Çin Xalq Respublikasından alınmış, müasir texniki-texnoloji tələblərə cavab verən, «Top Drive» mexanizmi ilə təchiz olunmuş, böyük yük qaldırma qabiliyyətinə malik dünya qazmaçılarının son nailiyyətlərindən olan müasir ZJ 70 D qazma qurğusu ilə qazma işləri həyata keçirilirmişdir. Həmçinin bu quyuda ən müasir qazma alətinin tutulma ehtimalı minimum olan karbohidrogen əsaslı qazma məhlulundan, qazma vaxtı quyu lüləsinin əyriliyinə və stratiqrafik kəsilişə nəzarət edən LWD/MWD telemetrik ölçü cihazlarından, litoloji kəsilişə uyğun yüksək texniki göstəricilərə malik və beynəlxalq standartlara cavab verən PDC tipli baltalarla yığılmış QKAH-dan, qazmaya geoloji-texnoloji nəzarəti həyata keçirən DNV serifikatlı Shenkay firmasının istehsalı olan SK-CMS geoloji texnoloji nəzarət stansiyasından və FİD xromotoqrafdan istifadə olunmuşdur. Qazma prosesində udulmanın qarşısını almaq və həmçinin ekvivalent dövran sıxlığını miniuma endirmək məqsədi ilə qazma məhluluna müntəzəm surətdə müxtəlif inert doldurucular əlavə edilmiş, qazma məhlulunun reoloji parametrlərinə ciddi surətdə nəzarət edilmişdir.
Yuxarıda qeyd olunan resurslardan düzgün istifadə olunması, qurğuda çalışan qazma briqadası üzvlərinin peşəkarlığı, «Kompleks qazma işləri» trestinin rəhbərliyinin və mühəndis texniki heyətinin qazma prosesinə ciddi nəzarət etməsi və ekstremal şəraitdə vaxtında dəqiq qərarların verilməsi nəticəsində, 5786 m dərinliyə kimi qazılmış «Bulla — dəniz» 122 nömrəli quyuda 28 oktyabr 2020-ci il tarixində 139,7 x 168,3 x 177,8 mm-lik istismar kəməri 616 atm təzyiqdə kipliyə yoxlanılmış və quyu müvəffəqiyyətlə qazmadan qurtarmışdır.
Cari ilin dekabr ayının 3-də «Bulla — dəniz» 122 nömrəli istismar quyusunda sınaq mənimsəmə işləri üçün təsdiqləniş tamamlama planına uyğun olaraq, 5494-5506 m intervalında perforasiya olunaraq, bir gün sonra isə yüksək hasilatla — sutkada 250 ton kondensat və 700 000 kub. m qaz debiti ilə mədənçilərə təhvil verilmişdir.
Ümumilikdə, KQİT-nin peşəkar kollektivi digər qazma işləri apardığı sahələrdə də təhlükəsiz əmək şəraiti, mühafizə olunan ətraf mühit və peşakar yanaşma anlayışı ilə fəaliyyətini davam etdirməkdədir və gələcəkdə də müasir avadanlıqlardan, qabaqcıl texnika və texnologiyalardan, innovativ proqramlardan istifadə edərək respublikamızın dəniz və quru sahələrində axtarış-kəşfiyyat və istismar quyularının müvəffəqiyyətlə qazılmasının təmin etdirmək istiqamətində bütün imkanlarını səfərbər edərək yeni-yeni əmək nailiyyətləri əldə etmək əzmindədir.

Hazırladı Natiq QASIMOV.


 
•  на главную -->>