ВЫШКА №11 (20378) от 19 марта 2021 года



SOCAR-ın PREZIDENTI RÖVNƏQ ABDULLAYEVIN
NOVRUZ BAYRAMI MÜNASIBƏTI ILƏ
NEFT-QAZ SƏNAYESI IŞÇILƏRINƏ
TƏBRIKI

Əziz neftçilər!
Novruz bayramı milli-mənəvi dəyərlərimizin və yüksək bəşəri ideyaların daşıyıcısı, qədim adət-ənənələrimizin əbədi təcəssümü kimi neçə əsrdir ki, xalqımızın həyatında mühüm yer tutur. Baharın gəlişinin, təbiətin oyanışının carçısı olan bu əziz bayram zəngin və qədim mədəniyyətimizin ayrılmaz hissəsi, insanlarda işıqlı sabaha, xoşbəxt gələcəyə inam yaradan, təbiətin bəxş etdiyi nemətləri qorumağı, onlardan səmərəli istifadə etməyi öyrədən qiymətli bir irsdir. Novruz ruzi-bərəkət, sevinc və səadət, birlik və həmrəylik rəmzidir, cəmiyyətimizin möhkəmlənməsi üçün sağlam təməllər yaradan misilsiz bir ənənədir. Xalqımız bu əziz gündə Novruzu dövlət bayramı səviyyəsində rəsmiləşdirmiş Ümummilli liderimiz Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edir, tarixi-mədəni və milli-mənəvi dəyərlərimizin, el mərasimlərinin bu gün də qorunub saxlanılması, böyük ruh yüksəkliyi ilə qeyd olunması üçün Ulu öndərin göstərdiyi səyləri böyük minnətdarlıq hissi ilə xatırlayır.
Novruz bayramının rəngarəng, şən, xoş əhval-ruhiyyəli mərasimləri milli, dini, irqi mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar tərəfindən təqdir olunur. Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev cənablarının və Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə BMT Baş Assambleyası tərəfindən 21 mart tarixinin «Beynəlxalq Novruz Günü» elan olunması, Novruz bayramının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi bunu bütün dünyaya bir daha nümayiş etdirmişdir.
Əziz neftçilər!
Bu il xalqımız əziz bayramımızı ikiqat sevinc hissi ilə qeyd edir. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının müdrik və qətiyyətli rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun düşmən əsarətindən azad etdiyi gözəl Qarabağımız bu il artıq Novruz bayramını milli musiqimizin xoş təranələri, doğma övladlarının sevinc və qürur sədaları ilə qarşılayır, bayram tonqalları Qələbəmizin rəmzinə çevrilir. Xalqımız doğma Vətən torpaqlarının düşməndən azad edilməsi uğrunda canlarını qurban vermiş müqəddəs şəhidlərimizi böyük ehtiramla yad edir. Kimliyindən, harada yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız bu möhtəşəm zəfər günlərini onlara yaşatdıqlarına görə möhtərəm Prezidentimizə və onun müzəffər Ali Baş Komandanlığı altında canlarını sipər edərək düşməni Azərbaycan torpaqlarından qovub çıxarmış qəhrəman Ordumuza hədsiz minnətdardır. Azərbaycan bu gün öz tarixinin ən şərəfli dövrünü yaşayır. Cənab Prezidentin müdrik rəhbərliyi altında ictimai həyatın bütün sahələrində misilsiz uğurlar qazanılmışdır. Bu uğurların təməlində dövlətimizin başçısının yorulmaz fəaliyyəti, qalibiyyətli siyasi kursu dayanır. Nail olduğumuz sosial-iqtisadi inkişaf və tərəqqi, siyasi və iqtisadi sabitlik xalqımıza öz adət-ənənələrini, milli-mənəvi dəyərlərini qoruyub yaşatmaq və əziz günlərini daha böyük təntənə ilə bayram etmək imkanı vermiş, insanlarda daha firavan və işıqlı gələcəyə dərin inam yaratmışdır. Bütün xalqımız kimi, Azərbaycan neftçiləri də Vətənimizin rifahı naminə fədakarcasına çalışmaqdan sonsuz qürur duyur, dövlətimizin və dövlət başçımızın daim onlara göstərdiyi diqqət və qayğıdan ruhlanaraq, ölkəmizin enerji strategiyasının yeni zəfərlərinə doğru inamla addımlayırlar. Ötən illərdə SOCAR uğurla həyata keçirdiyi regional və qlobal əhəmiyyətli neft-qaz layihələri ilə dünya enerji bazarında özünə layiqli yer tutmuş, beynəlxalq miqyasda çevik, rəqabət qabiliyyətli aparıcı şirkət kimi tanınmışdır. Qarşıda bizi yeni-yeni zirvələr gözləyir. Əminəm ki, qədim tarixə, şanlı ənənələrə malik qəhrəman neftçilərimiz indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın iqtisadi cəhətdən daha da qüdrətlənməsi, xalqımızın daha işıqlı gələcəyi naminə fədakarcasına çalışacaq, Vətənimizin rifahına yeni-yeni töhfələr verəcəklər.
Əziz neftçilər!
Bir daha sizi və ailə üzvlərinizi Azərbaycan xalqının ən əziz bayramı olan Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, səadət, dövlətimizə sülh və tərəqqi arzulayıram.
Hörmətlə,

SOCAR-ın prezidenti
Rövnəq Abdullayev.


 
•  на главную -->>