ВЫШКА №22 (20439) от 10 июня 2022 года



AMEA NEFT VƏ QAZ İNSTİTUTU YAPONİYANIN JOGMEC KORPORASİYASI İLƏ BİRGƏ ÇÖL TƏDQİQAT İŞLƏRİ APARIR


AMEA Neft və Qaz İnstitutu və Yaponiyanın JOGMEC korporasiyası arasında imzalanmış müqavilə əsasında Ütəlgi kəşfiyyat bloku və ona bitişik ərazilərdə birgə çöl tədqiqat işləri aparılır. Tədqiqat çərçivəsində Azərbaycanın bir sıra neftli-qazlı rayonlarına, o cümlədən Şamaxı-Qobustan, Aşağı Kür və Abşeron rayonlarında yerləşən süxurların yer səthinə çıxışlarının öyrənilməsi və süxur nümunələrinin toplanması məqsədi ilə geoloji ekspedisiyalar təşkil olunmuşdur.
Çöl tədqiqatlarında Neft və Qaz İnstitutu tərəfindən akademik Əkpər Feyzullayev, AMEA-nın müxbir üzvü Tələt Kəngərli, geologiya-mineralogiya elmləri namizadi, dosent Məlahət Əfəndiyeva, yer elmləri fəlsəfə doktoru Rafiq Səfərov, Arif Hüseynov, JOGMEC tərəfindən Naito Takanori, İşimaru Takuya, Setoquçi Reiko, Kadovaki Hikaru və Sakuma Hironobu iştirak edirlər.
Ekspedisiya zamanı Yasamal və Gırmakı dərələri, Çeyildağ, Umbakı, Ütəlgi, Pirəkeşkül, Şıxzərli, Siyəki, Ağsu, Lahıc, Babazanan, İslamdağ ərazilərində süxurların yer səthinə çıxışları, Bahar, Daşgil, Üçtəpə, Pirəkeşkül, Şıxzərli və s. palçıq vulkanlarına, həmçinin təbii neft çıxışlarına səfərlər olunmuşdur. Tədqiqatlar stratiqrafik baxımdan Alt Pliosenin Məhsuldar Qat, Oliqosen — Alt Miosenin Maykop Seriyası, Miosenin Çokrak və Diatom, Eosenin Koun çöküntü komplekslərini əhatə edirdi. Kəsilişlərdə neft-qaz ana və kollektor süxurlarına baxılmış, təsvir edilmiş və onların mənbəyinin, xassələrinin müəyyən edilməsi məqsədilə laborator analizlər üçün nümunələr götürülmüşdür.
Yaponiyalı qonaqların Azərbaycanın qədim tarixi və zəngin mədəni irsi ilə tanış olması üçün «Yanar dağ» Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, Qobustan Milli Tarix-Bədii Qoruğu və Neft muzeyinə ziyarətlər təşkil edilmişdir.

Könül ABBASOVA,
AMEA Neft və Qaz İnstitutu. İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri.


 
•  на главную -->>