ВЫШКА №41 (20458) от21 октября 2022 года



AZƏRBAYCAN SÜLHƏ DOĞRU EDİLƏN BÜTÜN ÇAĞIRIŞLARA DİQQƏTLƏ YANAŞIR

Bu gün Azərbaycan yaranmış yeni reallıqları dünya ictimaiyyətinə bəyan edərək bu istiqamətdə çoxvektorlu xarici siyasətdən istifadə etməklə bütün vacib platformalarda öz mövqeyini qətiyyətlə qorumaqdadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mürəkkəb və gərgin zamanda dəfələrlə Ermənistanın baş nazirinə sülh sazişinin imzalanmasını təklif etmiş, bu məqsədlə təkcə cari ildə ardıcıl olaraq onunla 7 görüş keçirmişdir. Oktyabrın əvvəlindən başlayaraq, konkret olaraq ayın 6-da «Avropa siyasi birliyi»nin yeni platforması çərçivəsində Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüşün keçirilməsi, eyni zamanda Cənab Prezidentin növbəti gün 07 oktyabr tarixində Sankt-Peterburq şəhərində MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etməsi, daha sonra 11 oktyabrda Qırğız Respublikasına ilk dövlət səfəri, ayın 13-də Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasında, ayın 14-də isə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirakı və məzmunlu çıxışı Azərbaycan həqiqətlərinin, o cümlədən mövcud vəziyyətin dünya ictimaiyyətinə çatdırılmasının, sülhə çağırışın məntiqi nəticəsi idi.
Bu çıxışda Cənab Prezident bir daha 28 il ərzində Minsk Qrupunun fəaliyyətsizliyini, habelə Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması üçün BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutaraq təkbaşına məsələni həll etməsini, o dövrdən sonra Ermənistanın dəfələrlə Azərbaycan ərazisinə diversiya və terror cəhdlərini xüsusi vurğulamaqla mövcud platformadan mükəmməl istifadə etdi.
Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə çoxlu sayda minaların olmasını və İkinci Qarabağ-Vətən Müharibəsi bitdikdən sonra bu günədək 250-yə dək vətəndaşın zərər çəkməsini xüsusi qeyd etdi, təkcə işğaldan azad edilmiş Laçın rayonunun sərhəd ərazilərində 1400-ə yaxın minanın aşkarlanması diqqətə çatdırıldı. Məhz Prezident İlham Əliyevin 2020-ci ildə qəbul etdiyi düzgün qərar nəticəsində Kəlbəcər, Ağdam və Laçın şəhərləri bir nəfərin belə burnu qanamadan işğaldan azad olundu və həmin ərazilər də daxil olmaqla bütün Qarabağda minatəmizləmə prosesi bu gün də həyata keçirilməkdədir.
Azərbaycan sülhə doğru edilən bütün çağırışlara həssaslıq nümayiş etdirərək diqqətlə yanaşır. Bu baxımdan Avropa İttifaqının, eləcə də Fransanın rəhbərlərinin danışıq masasının ətrafında yer almaları, eləcə də onların regionda sülhün təmin olunmasında maraqlarını nəzərə alaraq onların təkliflərini də diqqətdə saxldığını bildirir. Lakin, bəzi dövlətlərin, xüsusilə də Fransanın həm masa ətrafında yer alaraq tamamilə başqa bir gündəliyi müzakirə etməsi, eyni zamanda sonradan televiziya vasitəsilə Azərbaycanı işğalda ittiham etməsi, bu məsələlər də artıq başqa maraqların ortaya çıxması siyasi riyakarlıq, habelə bir siyasətçi kimi Makronun Azərbaycan-Fransa münasibətlərinə qarşı etdiyi hörmətsizlikdir.
Biz işğal altında olan torpaqlarımızın azad olunmasına Azərbaycan övladlarının qanı və canı bahasına nail olmuşuq və hər hansı bir dövlətin rəhbərinin qəhrəman övladlarımızın, şəhidlərimizin ruhuna hörmətsiz yanaşması yolverilməzdir.
Bu gün də görünən ondan ibarətdir ki, sözü ilə əməli üst-üstə düşməyən, açıq şəkildə beynəlxaq hüquq və prinsiplərə məhəl qoymadan Ermənistana himayədarlıq etməyə çalışan dövlətlər Azərbaycanın müəyyən beynəlxalq konvensiyalar əsasında fəaliyyət göstərən xarici nümayəndəliklərinə təşkil olunmuş basqın və hücumlara susqunluqla yanaşaraq bir daha dünyada «Mən güclüyəm!» amilini qabardırlar.
Bu gün real vəziyyət ondan ibarətdir ki, 10 noyabr 2020-ci il tarixində Rusiyanın vasitəçiliyi ilə Rusiya Federasiyasının Prezidenti, Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın Baş naziri arasında imzalanmış üçtərəfli bəyannamənin doqquz bəndinin də icra olunması əsas məsələlərdən biridir. Eyni zamanda Ermənistan Avropa İttifaqı ilə baş tutan üçtərəfli görüşlərdə də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli və Azərbaycanla Sülh Sazişini bir daha soyuq başla nəzərdən keçirərək tez bir zamanda imzalamalıdır.
Azərbaycan Cənab Prezidentin bütün beynəlxalq platformalarda səsləndirdiyi kimi, danışıqlar prosesində imzaladığı və söylədiyi bütün sözlərə sadiqdir. Necə ki, Azərbaycanda çoxmilli xalqlar sülh, əmin-amanlıq, bərabərlik şəraitində yaşayırlar, ermənilər də suveren Azərbaycan ərazisində Azərbaycan Respublikasının Konstitutisiyasını rəhbər tutaraq yaşayacaqlar.

Məzahir ƏFƏNDİYEV, Azərbaycan Respublikası Milli Məclisinin deputatı.


 
•  на главную -->>