ВЫШКА №47(20515) от 15 декабря 2023 года



VƏFA MAHMUDOVA: «ŞUŞANIN ÖZÜNDƏ İLK DƏFƏ HƏM ARXEOLOJI, HƏM ETNOQRAFİK TƏDQİQATLARI AZƏRBAYCANLI SARA AŞURBƏYLI APARIB»

Məlum olduğu kimi, bu il arxeoloji qazıntı mövsümündə Azərbaycanın bir çox ərazilərində yerləşən abidələr tədqiqata cəlb olunub. Müsahibimiz AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, Muğan neolit-eneolit arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru, dosent Vəfa Mahmudovadır.

 

– Vəfa xanım, ən əvvəldən başlayaq...
– Naxçıvan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. O vaxt bizə «Arxeologiya» fənnindən Mirhəşim Seyidov dərs deyirdi. Özü qazıntılarla məşğul olduğundan bizi də mütəmadi olaraq abidələrə aparırdı. Tədricən məndə arxeologiyaya maraq yarandı. Universitetdən sonra aspiranturaya daxil olub görkəmli alimimiz AMEA-nın müxbir üzvü İdeal Nərimanovun elmi rəhbərliyi altında namizədlik dissertasiyamı yazdım. Doktorluq dissertasiyamın məsləhətçisi tanınmış arxeoloqumuz professor Tufan Axundov olub. Onu da deyim ki, doktorluq dissertasiyası uğrunda 17 il mübarizə aparmışam, bu yaxınlarda isə nəhayət ki, əməyimin bəhrəsini — elmlər doktoru diplomumu almışam. Buna görə hər zaman mənə dəstək olan, mənə inanan elmi məsləhətçimə, qərəzsiz, ədalətli mövqeyinə görə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Dissertasiya şurasının sədri professor Kərim Şükurova, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayevə minnətdaram.
– Əsasən hansı abidələrdə qazıntı aparmısınız?
– Mən heç vaxt müstəqil qazıntı aparmamışdım. İdeal Nərimanovun rəhbərliyi altında Çalağantəpə, Leylatəpə abidələrində, daha sonra isə uzun illər ərzində Tufan Axundovla Polutəpə, Alxantəpə abidələrində, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədovla Qarabağda gedən qazıntılarda iştirak etmişəm. Lakin insanın müstəqil qazıntı aparması tamamilə başqa bir şeydir. Keçən ildən Paşatəpə abidəsində qazıntılara rəhbərlik edirəm. Abidə Cəlilabad rayonunun Cəfərxanlı kəndinin ərazisində, Üçtəpə kəndindən 3 km aralıda yerləşir. Dövrünə aid Polutəpə, Əliköməktəpə abidələri ilə hələlik eynidir. Abidəni ilk dəfə İdeal Nərimanovla Fərman Mahmudov qeydə alıb. Keçən il abidədən zəngin yerüstü material topladıq. Gözləyirdim ki, abidənin ilk üst qatlarında biz rəngarəng artefaktlara rast gələcəyik. Amma belə olmadı. İlk günlərdə çox məyus oldum, çünki çoxlu keramika qalıqları və sümüklərdən başqa heçnə yox idi. Düşündüm ki, istədiyim nəticəni əldə edə bilməyəcəm. Abidənin üst təbəqəsi dağılmışdı, çünki burada ev tikmək istəyirdilər, amma sümüklərə rast gəlindiyinə görə bu fikirdən daşınmışdılar.
Sonra tədricən gözləntilərimiz özünü doğrultdu. Artıq 80 sm dərinlikdə təsərrüfat quyusu aşkarlandı. Üzə çıxarılan maraqlı artefaktlar arasında qadın fiquru (biz onu «Ocağın ilahəsi» adlandırmışıq), muncuqlar, sümük alətlər, dəvəgözü (obsidian) daşından hazırlanmış əmək alətləri, müxtəlif əşyalar vardı. Bundan əlavə, 8 qəbir aşkarlandı. Onların əksəriyyəti dağılmışdı. Ən maraqlısı təmamilə körpə uşağa məxsus olan qəbir, biz onu ocaq yeri zənn etdiyimiz ərazidən tapdıq. Digəri oxralı tam bükülü şəkildə dəfn edilmiş böyük insan, biri isə parçalanmış qəbir idi. Sonuncu qəbir biraz şübhə doğururdu. Mən özüm də heç düşünmürdüm ki, biz burada parçalanmış dəfnetməyə rast gələrik.
Ocaq yeri hesab etdiyimiz yerin üstünü təmizləyərkən gördük ki, bu dulus sobasının üstünə bənzəyir. Qazıntılar zamanı fərziyyələrimiz təsdiqləndi, burada doqquz kürəli dulus sobası qeydə aldıq. Onun yanında zənnimizcə, keramikanı qurutmaq üçün düzəldilmiş bir altlıq da aşkarlandı. Daha sonra kül yığmaq üçün bir quyu tapıldı.
Keçən il 46 kv m ərazidə qazıntılar aparılıb. Qazıntı mövsümünün sonunda daha bir altlığa rast gəlindi, bu da daha bir dulus sobasının ola biləcəyi ehtimalını ortaya çıxardı. Amma zamanımız bitmişdi, biz qazıntı sahəsini örtüb geri qayıtdıq.
– Builki qazıntı mövsümü nə ilə yadda qaldı?
– Builki qazıntımız 40 gün davam etdi və möhtəşəm tapıntılarla yadda qaldı. Bu tapıntılar imkan verdi ki, keçən il şübhələndiyimiz bir neçə məsələyə aydınlıq gətirək. Həmçinin mülahizələrimiz də özünü doğrultdu. Ümumilikdə keçən ilki qazıntılarla birlikdə qazıntı sahəsi 164 kv m ərazini əhatə etdi. Biz bu ərazini 5 yerə böldük. Əlavə 4 qəbir qeydə alındı. Birinci qəbir qoşa dəfnetmə, zəmanəsinə görə çox zəngin qəbirdir. Antropoloqun sözlərinə görə bu, ata-bala qəbridir, çünki sümüklər 14-15 yaşında oğlana və 35-40 yaşında kişiyə məxsusdur. İnsanlar başları bir-birinə bitişik şəkildə, biri sağ, digəri sol böyürü üstündə, üz-üzə vəziyyətdə dəfn edilib. Burada həmçinin iribuynuzlu heyvana məxsus olan sümüklər aşkarlanıb. Maraqlısı odur ki, heyvanın kəllə hissəsi qəbirin aşkar olunduğu evin şimala tərəf yan divarında basdırılıb, bədən sümükləri isə həmin qəbirdə dəfn olunub. 12 ədəd daşdan və gildən hazırlanmış sapand daşı, bir iri sümük alət, 3 yerə bölünmüş böyük badya, bunlardan biri bir skeletin üzünün qarşısında, o birisi digər skeletin üzünün qarşısında yerləşir. Ən maraqlısı isə həmin iribuynuzlu heyvanın ayağının kəsa sümüyünün düz bu skeletlərin ortasında dən daşının üzərində basdırılması, onun hər tərəfinin isə daş əmək alətləri ilə əhatə olunmasıdır. Bütün bu tapıntılar dəfn mərasiminə aid aparılacaq gələcək tədqiqatlar üçün olduqca zəngin materialdır.
Bir qoşa dəfnetmə qəbri isə yeni doğulmiş körpə və qadın qəbridir. Körpə gil qabın içərisində dəfn edilib. Burada da iribuynuzlu heyvana məxsus dişlərə rast gəlinir. Həmçinin bir gözəl əşya aşkar olunub, onun qadına məxsus olduğunu fərz edirik. Həmin əşyanın bir nümunəsi də Əliköməktəpədə aşkarlanıb. Nə üçün istifadə olunduğu bilinmir. Maraqlıdır ki, əşya hər iki tərəfindən — həm baş, həm uc hissəsindən istifadə olunub. Fikrimcə, bu kosmetik vasitələr üçün istifadə olunan əşyadır. Amma bu bir mülahizədir, tam dəqiq deyə bilmirik.
Üçüncü qəbir parçalaşmış dəfnetməyə aid idi. Bu qəbri aşkara çıxaranda biz artıq keçən mövsümdə tapdığımız qəbrin parçalanmış dəfnetmə olduğunu söyləməkdə yanılmadığımızı anladıq. Məlum oldu ki, bu ərazidə belə bir dəfnetmə adəti olub.
Həmin ərazidə ocaq yeri qeydə almışıq. Burada sümükdən hazırlanmış bir alət aşkarlanıb. Onun yanında bir yeni doğulmuş uşağa məxsus daha bir qəbir də tapıldı. Yeni doğulmuş uşağa məxsus sümüklər kobud hazırlanmış neolit keramikasının fraqmentləri içərisindən qeydə alınıb.
Düşünürük ki, bu abidə böyük yaşayış yeridir, burada davamlı həyat olub. Güman edirəm ki, gələcək tədqiqatlar burada bir neçə yüz, bəlkə də min il davamlı həyatın olduğunu sübut edəcək. Hələ ki, cəmi 3,15 metr dərinliyə qədər yer qazmışıq. Yeri gəlmişkən, keçən il aşkar edilən ikinci altlığın yanında yaşayış evinin döşəməsi və ikinci dulus sobasının qalıqlarını üzə çıxarmışıq. Vaxt bitdiyinə görə işləri yarımçıq saxladıq. Gələcəkdə bu abidənin daha zəngin material verəcəyinə inanıram.
Qeyd etdiyim kimi, abidə çox gözəl abidədir. İki il ərzində 6 mindən yuxarı keramika fraqmenti — oturacaqlar, zoomorf və antromorf qulplar və s., 150-dən çox müxtəlif rəngli dəvəgözündən hazırlanmış əşya aşkarlanıb. Obsidian əşyaların arasında ən maraqlısı qəbirdən tapılmış bıçaq formalı asmadır. Daha sonra çoxlu çaxmaqdaşı fraqmentləri qeydə alınıb, məsələn, əmək alətləri, qəlpələr və s., sümükdən olan alətlər çoxdur. Bu ilki mövsümün ən maraqlı tapıntılarından biri də mərmərdən hazırlanmış əsabaşıdır.
– Atın əhliləşdirilməsi ilə bağlı tapıntılar haqqında nə deyə bilərsiniz? Mülahizələr özünü doğrultdumu?
– Əliköməktəpə abidəsində də at dişləri tapılmışdı. Çoxları deyirlər ki, əhliləşdirilməyib, amma Dəmir Hacıyev çox yüksək səviyyəli mütəxəssis idi, və o deyirdi ki, həmin tapıntılar məhz əhliləşdirilmiş ata məxsusdur. Bizim üzə çıxardığımız heyvan sümükləri qalıqlarının analizlərini H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin direktoru Tariyel Heybətov aparıb. O, həm dəvəyə, həm də ata məxsus olan dişlərin qeydə alındığını bildirir. Tariyel müəllimə istinadən demək istəyirəm ki, bu ərazidə dəvə sümüyünün tapılması ilk dəfə Paşatəpə abidəsində qeydə alınıb. Tariyel müəllimin fikirlərinə güvənim çoxdur. Onun sözlərinə görə, aşkar olunmuş at dişləri əhliləşdirilmiş ata məxsusdur.
– Ümumiyyətlə, elmi tədqiqatlarınız hansı dövrləri əhatə edir?
– Namizədlik dissertasiyam e.ə. VI-IV minilliklərə aid Azərbaycanın erkən əkinçi-maldar tayfalarının qəbir abidələrinə həsr edilmişdi. Həmin qəbirlər tam şəkildə ilk dəfə tədqiqata cəlb olunurdu. Bu işin ərsəyə gəlməsində elmi rəhbərim, dünya şöhrətli arxeoloq-alim İdeal Nərimanov, həmçinin AMEA-nın müxbir üzvü Vəli Əliyev, professor Qüdrət İsmayılzadə və başqalarının çox böyük əməyi, köməyi olub. Elmi işimdə qəbir abidələrini təhlil edib qruplaşdıraraq ilk dəfə 7 cədvəl hazırlamışdım. Burada qəbirlərdə aşkar olunan əşyaların tipologiyası, dəfn adətlərinin xüsusiyyətləri və s. öz əksini tapmışdı. Elmi işin yeniliklərindən biri də o idi ki, ilk dəfə «Zaxoroneniə v keramiçeskix sosudax» («Gil qablarında dəfnetmə») termini elmi dövriyyəyə daxil edilmişdi. Doktorluq dissertasiyasına gəldikdə isə, mənim ən çox sevdiyim dövr neolit-eneolit dövrüdür, və elmi işimi də bu dövrə aid seçmişdim. Məni həmişə bir sual maraqlandırıb: nə baş verib ki, insanlar bu ərazilərdən çıxıb gedib, və neolit-eneolit mədəniyyətini burada gəlmə tayfalar yaradıb? Yaxın Şərqdə yaşayışın olmadığı təqdirdə bizdə Azıx, Taqlar, Damcılı mağaraları, Qobustanda daş dövründən başlayaraq bütün dövlər boyu yaşayış olub. Nəyə əsasən tədqiqatçılar deyir ki, neolit-eneolit dövründə tayfalar burdan gedib? Əgər bu təbii-coğrafi şəraitlə əlaqəlidirsə, biz eyni regionda yerləşirik, yəni vəziyyət də oxşar olmalı idi. Həmin zaman heç bir qlobal dağıntılar, kataklizmlər də baş verməyib ki, burdan birdən-birə köç baş versin. Əksinə, məsələni araşdırarkən gördüm ki, Azərbaycanda həmin dövrdə çox münbit şərait olub.
Apardığım tədqiqatlar nəticəsində belə qənaətə gəldim ki, heç bir köç olmayıb, neolit-eneolit mədəniyyəti lokal, yerli mədəniyyətdir. Sadəcə olaraq Yaxın Şərq tayfaları ilə qarşılıqlı əlaqələr mövcud olub, mədəniyyətlərin bir-birinə təsiri danılmazdır.
Uzun illər hökm sürən iddiaların səbəbini onda görürəm ki, biz heç vaxt Yaxşın Şərq ölkələrində sərbəst qazıntılar aparmamışıq. Buna görə də bilmirdik ki, bu təsir ordan bura və ya burdan ora olub. Elmi işimdə Yaxın Şərqdə qeydə alınan 60-a yaxın yeni abidəni tədqiqata cəlb edərək materiallarını qruplaşdırdım, təhlil etdim və gördüm ki, burda sadəcə qarşılıqlı təsir deyil, parallellər var. Məsələn, Həzintəpə abidəsini araşdırarkən orada olan bütün xüsusiyyətlərə Azərbaycanın bir çox abidələrində rast gəlindiyini aşkarladım.
Bir şeyi də qeyd etməliyəm. Sovet dövründə müasir analizlərin heç biri yox idi, müqayisəli təhlil metodundan istifadə edilərək müəyyən nəticələr çıxarılırdı. Hazırda müasir analiz üsullarından istifadə edərək alimlər daha dəqiq nəticələr əldə edə bilir. Elm inkişaf edir, buna görə də biz məlum olan abidələri indi daha dəqiqliklə araşdıra bilirik. Hər bir yeni tapıntı ortaya yeni fakt, yeni fikirlər çıxarır. Bunu nəzərə almaq lazımdır.
Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan ərazisində daş dövründən başlayaraq ən qədim mədəniyyətlərin yaranmasında yerli tayfalar aparıcı rol oynayıb, bizdə lokal mədəniyyətlərdir. Sadəcə olaraq miqrasiyalar baş verib, qarşılıqlı təsirlər olub. Bütün bunları gələcəkdə aparılacaq müasir tədqiqatlar bir daha təsdiqləyəcək, buna əminəm.
– Gələcəkdə hansı ərazilərdə arxeoloji tədqiqatların aparılmasını daha prioritet hesab edirsiniz? Bəllidir ki, bir dəfəyə hamısını əhatə etmək mümkün deyil...
– Fikrimcə, ilkin tədqiqatlar Şərqi Zəngəzurda aparılmalıdır. Bu ərazi təbii-coğrafi şəraitinə görə çox zəngindir, burada həmişə sıx yaşayış olub. Qarabağda yerləşən əksər abidələri İdeal Nərimanov vaxtilə qeydə alıb. Qarabağ həmişə diqqət mərkəzində olub. Şərqi Zənqəzur isə bizim üçün həmişə qapalı olub. Ermənistana veriləndən sonra orada tədqiqatlar demək olar ki, aparılmayıb.
– Təbii, aparıla da bilməzdi. Orada nə tapsaydılarsa onların əleyhinə olacaqdı...
– Bəli, onlar özləri də bilirlər ki, orada onlara aid heç bir maddi-mədəniyyət nümunəsi aşkar etməyəcəklər. Buna görə də bizim məhz Şərqi Zəngəzurda aparılacaq arxeoloji tədqiqatlara ehtiyacımız var. Mən özüm də orda çox böyük həvəslə qazıntılar aparardım. Qeyd edim ki, mənim atam Qarakilsədəndir. Qarakilsənin Şəki kəndində biz uşaqlıqda nə qədər keramika qırıqlarına, qəribə əşyalara rast gəlirdik. O vaxt biz başa düşmürdük ki, bütün bunlar bizim qədim mədəniyyətimizin qalıqlarıdır. Bunu da deyim ki, o vaxt orada bir ev tikiləndə daş sanduqələr üzə çıxdı, onu da tez gecə ilə yoxa çıxardılar. Deyilənə görə, bu materiallar Uzun Həsənin xatunu Dəspinə xatuna aid olan əşyalar olub. Şəki kəndi Uzun Həsənin öz xatunu üçün saldığı Şəhriyar («Yarın şəhəri») adlı yaşayış yerinin qalıqları üzərində salınmışdı. Bu mülahizələrin doğru olub olmadığını ancaq orada aparılacaq tədqiqatlar göstərəcək.
– Gənc kadrların hazırlığı ilə bağlı nə kimi tədbirlər həyata keçirilir?
– Vurğulamalıyam ki, bu məsələ bizim ağrılı yerimizdir. Arxeologiya və antropologiya sahəsində ciddi kadr çatışmazlığı mövcuddur. Arxeologiyanın fədaisi olmaq lazımdır. Bizim kadrımız yoxdur. Bu dəqiqə bizim bir çox mövzularımız işlənilməmiş qalır.
Hazırda institutumuza üç gənc antropoloq gəlib. Amma bir trasoloqumuz yoxdur. Biz gəncləri həmin sahələrə yönəldərək beynəlxalq elm mərkəzlərinə göndərməliyik ki, oradan qayıdıb bizimlə işləsinlər. Ölkəmizdə də müvafiq fənlər üzrə bakalavr və magistr səviyyələrində mütəxəssislər yetişdirilməlidir. Elmimizin gələcək inkişafı bilavasitə kadrlardan asılıdır.
– Və ənənəvi sual — gələcək planlarınız haqqında...
– Bu yaxınlarda Şuşa haqqında kitabımız işıq üzü görəcək. Müəllifi mənəm, elmi redaktoru professor Kərim Şükürov, elmi məslələhətçisi isə tarix üzrə fəlsəfə doktoru İdris Əliyevdir. Qeyd edim ki, Şuşa ekspedisiyasının ilk tədqiqatçısını birinci dəfə mən üzə çıxardığıma görə Müəllif hüquqları agentliyinin patentini almışam. Hamısı deyirdi ki, tədqiqatları Resler aparıb, Belk aparıb, İvanovski aparıb. Amma Şuşanın özündə ilk dəfə həm arxeoloji, həm etnoqrafik tədqiqatları azərbaycanlı Sara Aşurbəyli aparıb. İlk ekspedisiyanın rəisi o olub və böyük fəxr hissi ilə qeyd olunmalıdır ki, 1934-cü ildə Şuşadakı ilk ekspedisiya milli ekspedisiya olub. Bundan əlavə, Cəlilabadda aparılan tədqiqatların növbəti mərhələsinin başlanğıcını gözləyirik və inanırıq ki, aşkar olunacaq materiallar irəli sürdüyümüz mülahizələri təsdiq edəcək.
– Təşəkkür edirəm, Vəfa xanım. Sizə yeni-yeni uğurlar, mühüm tapıntılar arzulayıram.

Nəzmin CƏFƏROVA,
sənətşünaslıq üzrə fəlsəfə doktoru (AMEA).


 
•  на главную -->>